Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə noyabrın 21-də Aşağı Ağcakənd qəsəbəsində, 22-də Goranboy rayon Yeni yaşayış massivində, 23-də Gəncə şəhəri Yeni qəsəbə-2-də “Sadəcə gülək” adlı tamaşalar təşkil olundu. Xocalı rayon Mədəniyyət evinin direktoru quluşçu-rejissor Orxan Vahidoğlunun rəhbərliyi ilə baş tutan tamaşalar yüksək səviyyədə hazırlanmışdı.
Ümumiyyətlə, keçirilən tamaşalarda 300-dən artıq məktəb şagirdləri və qəsəbə sakinləri toplaşmışdı. Xocalı rayon MKS-nin Oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi Zahirə Usubovanın aparıcılığı ilə keçirilən tamaşalarda Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğlu, Xocalı rayon 4 saylı tam orta məktəbin 10 sinif şagirdləri Yusif Məmmədov və Nihad Qəribov, Abşeron rayon Musiqili Dram Teatrı trupbasının aktyoru Adil Səfərov hazırladıqları səhnəciklərdə öz bacarıqlarını məharətlə göstərdilər. Səhnəciklərarası fasilələrdə Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdlərinin rəqsləri alqışlarla qarşılandı. Bir-birindən əyləncəli keçən “Kirayə ev”, “Telli və Vəli”, “Qırmızı papağın nağılı”, “Nənə və nəvə” və “Gecənin həzzi” səhnəcikləri tamaşaçılarda xoş ovqat yaratdı.
Məktəbli şagirdlərin gülüşünə səbəb olan bu tamaşalar onların xatirində uzun müddət qalacaqdır. Şagirdlər xahiş etdilər ki, belə tamaşalar tez-tez təşkil edilsin.
Çəkdiyin əziyyətin qarşılığında sağ ol kəlməsini eşitmək insanı sevindirməyə, ona gələcəkdə yeni işlər görməyə sövq edir. İstedadlı Orxan Vahidoğlunun rəhbərliyi ilə Xocalı rayon Mədəniyyət evinin tədbirlərində müsbət irəliləyişlər nəzərə çarpacaq dərəcədə özünü büruzə verir.
Qarşımızda duran əsas məqsədlərdən biri belə tamaşaların mütəmadi olaraq sakinlərimizin yaşadıqları ərazilərdə keçirmək və rayonumuzun istedadlı insanlarını və aktyorluq qabiliyyətinə malik şagirdləri qrupumuza cəlb etməkdir.
Təranə Qasımova,
Xocalı rayon Mədəniyyət Şöbəsinin bədii rəhbəri